Ağakişi Kazımov
Doğum tarixi:
28 noyabr 1935
Vəfat tarixi:
08 oktyabr 2021
Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədinin Ağcabədi kəndində anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1952-1957).
Səhnəyə ilk dəfə Milli Dram Teatrında qaçaq epizod rolunda çıxıb (1952, “Vaqif” Səməd Vurğun). 1956-cı ildə ştata keçib. “Almaz” tamaşasındakı (Cəfər Cabbarlı) Barat roluna görə Ümumittifaq Teatr Festivalının laureatı olub (1957). Bu rolu 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında da uğurla oynayıb. 1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. Həmin il yenidən Akademik Teatra aktyor kimi dəvət edilib. 1964-cü ildə Azərbaycan Dövlət Filarmoniyasına bədii qiraət ustası ştatına götürülüb. Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutundakı dram dərnəyinin (1956-1960), Azərbaycan Dövlət Universitetinin “Gənclik teatrı”nın (1958-1964) rəhbəri olub. 1964-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə qəbul olunub. Diplom işi ərəfəsində Kazanda Tatarıstan Dövlət Akademik Dram Teatrında “Duel” dramını, diplom işi kimi isə “Aydın” əsərini tatarca hazırlayıb. Sumqayıt Dövlət Dram Teatrına direktor göndərilib (1969-1970). Orada bir müddət baş rejissor vəzifəsini daşıyıb (1971-1973). Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1974-1975), Gənc Tamaşaçılar Teatrında (1975-1983, 1990-2002) baş rejissor, Azərbaycan Dövlət Opera və Balet Teatrında (1973-1974), Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləyib.
1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor və rejissor sənətindən dərs deyib.
Əməkdar incəsənət xadimi (1987), Xalq artisti (2000), Professor (2001) Ağakişi Kazımov 2021-ci ildə vəfat edib.
Teatr rejissoru Ağakişi Kazımov aktrisa Mehriban Abdullayevanın həyat yoldaşıdır.