Adil Əliyev

Məsləhətçi

Doğum tarixi:

07 sentyabr 1930


Adil Abas Əli oğlu Əliyev Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsində təhsil alıb (1954). 1954-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə kiçik elmi işçi vəzifəsində başlayıb. 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib (1986-1990). 1992-ci ildə “Palçıq vulkanizminin geo­kim­yası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir. 300-dən çox elmi əsərin, 15 kitabın müəllifidir. Azərbaycan Respublikasının Dövlət Mükafatına (2010), “Şöhrət” ordeninə (2018) layiq görülüb. Geologiya-mineralogiya elmləri doktoru (1992), professor, Əməkdar elm xadimidir (2005).