Abdulla Qurbani

Məsləhətçi Ssenari müəllifi

Doğum tarixi:

13 dekabr 1956


Abdulla Novruz oğlu Qurbani Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. Culfa rayonunun Əbrəqunus kənd internat orta məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində (1978–1983) təhsil alıb. Əmək fəaliyyətinə Mədəniyyət Nazirliyinin nəzdində olan mədəniyyət işçilərinin respublika hazırlıq və ixtisasartırma kursunda başlayıb, burada bədii rəhbər vəzifəsində çalışıb (1973–1975). Bakıda Aşıq Ələsgər adına Xalq yaradıcılıq evində kütləvi tamaşalar üzrə metodist (1977–1978), Şərur rayonunda tarix diyarşünaslıq muzeyində direktor (1983–1989), mədəniyyətşünaslıq şöbəsinin müdiri (1989–1993) vəzifələrində çalışıb. 1993-cü ildə Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsindən könüllü olaraq cəbhəyə yollanıb. Murovdağ uğrunda ilk döyüş əməliyatlarında sıravi əsgərdən polkovnik rütbəsinədək yüksəlib. Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini kimi 2017-ci ildə hərbi xidmətdən tərxis olunub. Hazırda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının prezidium üzvüdür.

Bədii yaradıcılığa kiçik yaşlardan başlayıb. İlk qələm təcrübələri rayon qəzetlərində dərc olunub. Sonralar dövrü mətbuatda şeir, hekayə və publisistik məqalələrlə müntəzəm çıxış edib. Hərbi vətənpərvərlik mövzusunda 100-dən çox kitabın, yüzlərlə məqalənin, 200-dən çox hərbi marş və vətənpərvərlik mahnılarının sözlərinin müəllifidir. Poemaları əsasında televiziya tamaşaları hazırlanıb, rekviyem-oratoriya, simfonik poema yazılıb. “Daşaltı”, “Türk sancağı", "Daş andı", "Şahnaz muğamı", "Gənclik bir də qayıtmır" pyesləri tamaşaya qoyulub. Teatrlaşdırılmış kütləvi mərasimlərin ssenari müəllifi və quruluşçu rejissorudur. "Azərbaycan- Türkiyə: qardaşlığın təntənəsi" kitab-albomunun müəllifidir. Azərbaycanda keçirilmiş hərbi paradların aparıcısıdır.