Abbas Mirzə Şərifzadə
Doğum tarixi:
22 mart 1893
Vəfat tarixi:
16 noyabr 1938
Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə Şamaxının Yuxarı Qala məhəlləsində anadan olub. 1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra ailəsi Bakıya köçüb. Gimnaziyada təhsil alıb (1903). Peşəkar səhnə fəaliyyətinə 1908-ci ildə başlayıb, ilk dəfə “Zorən təbib” (Molyer) tamaşasında epizodik rolda (lal qız) oynayıb. 1910-cu ildə “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunub, “Səfa”, “Nicat” cəmiyyətlərinin teatr truppalarında çıxış edib. 1911-ci ildə onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradıb: “Ağa Məhəmməd şah Qacar” faciəsinin (Əbdürəhim bəy Haqverdiyev) Qacar obrazı. 1916-cı ildə Hacıbəyov qardaşlarının truppasına rejissor kimi dəvət olunub. 1917-ci ildə yeni yaradılmış “Müsəlman Artistləri İttifaqı”na sədr seçilib (1917-1918). İttifaqın nəzdində teatr studiyası yaratmaqla ölkədə teatr təhsili sahəsində ilk təşəbbüsü göstərib. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti oynayıb (1926). 1929-cu ildə Moskvada keçirilən Otello və Hamlet rolları ifasının Ümumittifaq müsabiqəsində birinci yeri tutub. Həm də ilk Azərbaycan rejissorlarından sayılır. “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini səhnələşdirib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarının quruluşçu rejissoru olub. Azərbaycan kino sənəti tarixində də onun adı birincilər sırasındadır. O, ilk milli kinorejissor olub. Əməkdar artist (1928), Xalq artisti (1935) Abbas Mirzə Şərifzadə 1937-ci il dekabrın 4-də həbs olunub. 1938-ci ildə oktyabrın 19-da “cəsusluq fəaliyyətinə görə” güllələnmə hökmü verilib. Hökm noyabrın 16-da yerinə yetirilib. 1955-ci ildə bəraət verilib. Rejissor, aktyor Abbas Mirzə Şərifzadə aktrisa Mərziyə Davudovanın həyat yoldaşıdır. Rejissor, aktyor Abbas Mirzə Şərifzadə aktrisa Firəngiz Şərifovanın atasıdır.
