İlqar Fəhmi
Doğum tarixi:
18 avqust 1975
İlqar Fəhmi (İlqar Paşayev Əli-Abbas oğlu) Bakının Zirə kəndində anadan olub.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində (1992-1996), Belarus Dövlət İqtisad Universitetində təhsil alıb.
Əsərləri müxtəlif xarici ölkələrdə nəşr edilib. Pyesləri ölkə teatrlarında səhnələşdirilib. 2014-cü ildən Azərbaycan televiziyasında yayımlanan “Məclisi-Üns” ədəbi verilişinin aparıcı-redaktorudur. 2017-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Muğam” televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildən isə layihənin icraçı direktorudur.
Gənclər, İdman və Turizm nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına (2003), “Rəsul Rza” ədəbi mükafatına (2007), “Humay” mükafatına (2011, “Bakı tarixindən kollaj” əsərinə görə) layiq görülüb. Uzun illər “Ulduz” jurnalında işləyib. Bir müddət Xəzər Universitetində “Creative Writing” (Yaradıcı yazı) fənni müəllimi olub. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ssenaridən dərs deyir. Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibidir.