Fərman Kərimzadə
Doğum tarixi:
03 mart 1937
Vəfat tarixi:
17 mart 1989
Fərman İsmayıl oğlu Kərimzadə Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar, Beyləqanda məskunlaşıblar.
Orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirib (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1955-1960), Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Ali ssenari kurslarında (1965-1967) təhsil alıb.
İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi (1962-1965), “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib (1962-1965), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərində ədəbi işçi, şöbə müdiri (1966–1970), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kollegiya üzvü (1970-1977), “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri (1977-1980), Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləyib.
“Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri, “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanları, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərləri ilə tanınır.
Fərman Kərimzadə 1989-cu ildə vəfat edib.
Yazıçı, ssenarist Fərman Kərimzadə ssenarist Yeganə Kərimzadənin atasıdır.