Mozalan Studiyası
Təsis tarixi: 1971
Vaxtilə SSRİ-də “Krokodil” satirik jurnalı işıq üzü görəndə qısa vaxt ərzində oxucular arasında populyar oldu. Bunun ardınca respublikalarda müxtəlif satirik jurnallar, Azərbaycanda “Kirpi” fəaliyyətə başladı. Stalindən sonra hakimiyyətə gələn Xruşşov ölkədəki mənəvi gərginliyi bir qədər aradan götürdü. Ədəbiyyat və incəsənət sahəsində müəyyən “mülayim” ab-hava yarandı. Belə bir vaxtda qərara alındı ki, “Krokodil”in ekran variantı da hazırlansın. 1962-ci ildə “Fitil” ümumittifaq satirik kinojurnalının ilk nömrəsi ekrana çıxdı. Bu kinojurnalı kinoteatrlarda bədii filmlərdən əvvəl nümayiş etdirirdilər.
Azərbaycan Kommunist Partiyası MK-nın bürosu 1970-ci ilin aprelində kinostudiyanın fəaliyyətindəki nöqsanları müzakirə edərkən studiyanın nəzdində satirik kinojurnal buraxılması qərara alındı.
Mozalan studiyası 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasının nəzdində “Mozalan” satirik kinojurnalı olaraq təsis olundu. Kinojurnalın məqsədi respublikadakı neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı çatışmazlıq və problemləri lentə almaq, bütün respublikanı xəbərdar etmək "mozalançı"ların əsas iş üsullarından idi.
1971-ci ilin iyununda “Mozalan”ın ilk nömrəsi ekranlara çıxdı. Kinojurnalın “Hörmətli alim yoldaşlar” adlı ilk süjetində yeni yaranan “Mozalan” satirik kinojurnalının mənşəyi və məramı bəyan olunurdu.
Jurnalın ilk baş redaktoru Əkrəm Əylisli idi, lakin birinci nömrə ekranlara buraxılandan sonra onu Eyvaz Borçalı əvəz etdi. 1971-1979-cu illərdə kinojurnal rüblük və ya ayaşırı (ildə 4-6 dəfə) istehsal olunurdu.
1980-ci il yanvarın 1-dən “Mozalan” kinostudiyanın tərkibindən ayrılıb Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin orqanına – Respublika Satirik Kinojurnalının Təsərrüfat Hesablı Müstəqil Baş Redaksiyasına çevrildi. Bu tarixdən jurnalın ildə 8-9 nömrəsi buraxılmağa başlandı.
Jurnal milli kino sənətini yeni janrla - satirik kinopublisistika janrı ilə zənginləşdirdi.
“Mozalan” 1989-cu ildən Mozalan Studiyasına mevrildi və bu marka ilə kinojurnaldan əlavə olaraq bədii və sənədli filmlər çəkildi.
Fəaliyyət dövründə studiyanın (kinojurnalın) rəhbərləri:
Əkrəm Əylisli (1971, 1 nömrə)
Eyvaz Borçalı (1971-1984)
Ziyafət Abbasov
Cahangir Mehdiyev
Orxan Fikrətoğlu (2007-2014)
Müşfiq Hətəmov
Əlisəttar Quliyev (2015-2023)
Rəşad Cəfərov (2025-...)
