Azərbaycan televiziyası Telefilm studiyası (Azərbaycantelefilm)
Təsis tarixi: 1968
Rəhbər: Elçin Musaoğlu
“Azərbaycantelefilim” Yaradıcılıq Birliyi ölkənin ən böyük sənədli film istehsalçılarından biridir. Birlik Azərbaycan Televiziyası QSC-nin strukturuna daxil olan hüquqi şəxsdir.
1957: Televiziya idarəsinin kino verilişləri redaksiyası
1960: Bakı televiziya studiyasının kino redaksiyası
1968: Ekran Yaradıcılıq Birliyi
1973: Azərbaycantelefilm Yaradıcılıq Birliyi
1978: Lent üzərində proqramlar hazırlayan baş redaksiyası
1992: Azərbaycantelefilm Yaradıcılıq Birliyi
2025: Telefilm studiyası
1958-ci ildən başlayaraq televiziyada sənədli filmlərin çəkilişinə başladılar. 1960-cı ildə kinorejissor Kamil Rüstəmbəyov Səməd Vurğunun eyniadlı poemasının ssenarisi əsasında "Aygün" bədii filminin çəkilişinə başladı. Film ilk dəfə 1961-ci ildə Bakı televiziyasında nümayiş etdirildi. SSRİ-nin müxtəlif respublikalarından fərqli olaraq Azərbaycan televiziyasında ilk bədii televiziya filmi “Aygün” 9 hissədən ibarət idi. 1961-ci ildə Rauf Kazımovski öz ssenarisi əsasında Azərbaycan Televiziyasında 1 hissədən ibarət “Korun mahnısı” kinosüjetini çəkdi. Müğənni və aktyor Məmmədəli Əliyev İçərişəhərin fonunda Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasından kor ərəbin mahnısını ifa etmişdi. Bu kinosüjeti milli televiziyamızda çəkilmiş ilk musiqi klipi hesab etmək olar. Bundan sonra Rauf Kazımovski “Körpə”, “Yun şal”, “Poçt qutusu”, “Bəşir Səfəroğlu”, “Aktrisanın təbəssümü”, rejissor Kamil Rüstəmbəyov “Zəncirlənmiş adam” və s. bədii filmlərinə quruluş verdilər.
1965-ci ildə rejissor Rasim Ismayılov televiziyada "Danışan işıqlar" adlı ilk cizgi filmini çəkdi. Dörd il sonra “Qırmızılar, qaralar və başqaları” adlı ikinci cizgi filmini çəkdi. Beləliklə Azərbaycan televiziyasında cizgi filmlərin müntəzəm istehsalının əsası qoyuldu.
1970-ci ildə Heydər Əliyevin göstərişi ilə televiziyanın maddi-texniki təchizat bazasını möhkəmləndirmək məqsədilə kinokompleks inşa olundu. Kinobazanın mövcudluğu çoxlu sayda sənədli televiziya filmlərinin çəkilişinə şərait yaratdı.
Elmi-kütləvi, etnoqrafik janrda çəkilmiş filmlərin istehsalına üstünlük verən qurum 2019-cu ilə kimi 1500 saat həcmində, 2300 adda televiziya filmi çəkib. Azərbaycanın tarixi, folkloru, memarlığı, mədəniyyəti və insanları filmlərin əsas mövzusu olub.
Müxtəlif janrlarda hazırlanmış bu televiziya filmlərinin əksəriyyəti kinolentə çəkilib, qalan hissəsi isə videolentə alınıb. Hazırda televiziyanın fondunda xalqımızın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə, incəsənətinə, elm və sənət xadimlərinə həsr olunmuş yüzlərlə sənədli televiziya filmləri qorunub saxlanılır.
