04 aprel 2025

“TAĞIYEV: ÇAR” BƏDİİ FİLMİNİN TƏQDİMAT MƏRASİMİ OLUB

“TAĞIYEV: ÇAR” BƏDİİ FİLMİNİN TƏQDİMAT MƏRASİMİ OLUB

Aprelin 4-də Nizami Kino Mərkəzində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yoluna həsr edilən "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub. Təqdimat mərasimində layihənin rəhbəri və baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə hazırlanıb.

“Tağıyev: Çar” filmi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin ikinci hissəsidir.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Çarı qarşılamaq təlaşı ilə paytaxt Bakının güc mərkəzləri hərəkətə keçir. Bu vəziyyətdə Hacı Zeynalabdin Tağıyev də öz çevik zəkası ilə vacib addımlar atır, qərarlar verir. Artıq məşhur milyonçu və xeyriyyəçiyə çevrilmiş Hacı bu zaman şəhər rəhbərliyi ilə ciddi mübahisələr də yaşayır.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500-ə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunəsi və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da daxil olmaqla, geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.

Ekran işinin ərsəyə gəlməsinə “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətləri də dəstək verib.

İndi paylaş: