18 aprel 2025

ŞUŞADA ÇƏKİLƏN İLK FİLM – “DOĞMA TORPAQ”IN PREMYERASI KEÇİRİLİB

ŞUŞADA ÇƏKİLƏN İLK FİLM – “DOĞMA TORPAQ”IN PREMYERASI KEÇİRİLİB

“Doğma torpaq”ın Nizami Kino Evində baş tutan təqdimatı tamaşaçı bolluğu ilə yaddaşlara köçdü.  Filmin çəkiliş prosesləri Azərbaycanın müxtəlif bölgələrində – Zaqatala, Bakı, hətta tarixi Azərbaycan torpağı olan Dərbənd şəhər və kəndlərinin  əraziləri ilə yanaşı işğaldan azad olunmuş Şuşa şəhərində də aparılıb. Yeri gəlmişkən, bu film Şuşada çəkilmiş ilk tammetrajlı bədii film olaraq tarixə düşür.
Filmdə baş rolları Rüstəm Cəbrayılov və Rusiyadan dəvət olunmuş aktrisa Alina Vorontsova ifa ediblər. Onlarla yanaşı, Azərbaycanın Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, tanınmış aktyorlar Orxan Abbasov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları da filmdə rol alıblar.
Filmin operator işi Konstantin Esadzeyə, musiqi tərtibatı isə Araz Hümbətliyə həvalə olunub. Səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur. “Doğma torpaq” filmində sovet dövründə daşnakların gizli fəaliyyəti, azərbaycanlıların tarixi torpaqlarımız Qafan bölgəsindən qovulması, eləcə də Xocalı soyqırımı kimi faciələr və nəhayət, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması prosesləri təsvir edilir.
Ekran işi “Narimanfilm” kinostudiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, özəl şirkətlər və İctimai Televiziyanın dəstəyi ilə istehsal olunub.
Film 24 apreldən etibarən kinoteatrlarda nümayiş olunur.

İndi paylaş: