KİNOTEATRLARDA “BƏLKƏ DƏ” FİLMİNİN NÜMAYİŞİNƏ BAŞLANILIB

Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyovun müəllifliyi ilə ərsəyə gətirilən “Bəlkə də” filmi artıq kinoteatrlarda nümayiş olunur.
Elmi-fantastik, mistik və tragikomediya janrlarında çəkilən ekran işi şəxsi itkilər və zamanla bağlı peşmanlıqları əks etdirir.
Xronometrajı 105 dəqiqə olan "Bəlkə də..." filminin mövzusu əsasən iki əsas personajın – yaxınlarını itirmiş ixtiraçı və Mələyin tanışlığı üzərində qurulub. Onlar zaman maşını vasitəsilə keçmişə qayıtmaq və hər şeyi dəyişmək istəyirlər. Lakin bu yolda onları gözlənilməz hadisələr və o dünyadan gələn ruhlar izləyir. Əsl çətinlik də elə bundan sonra başlayır...
Ekran əsərinin prodüserliyini Nicat Xəlilov, operatorluğunu İman İmanov, rəssamlığını Səbuhi Atababayev, səs rejissorluğunu isə Xan reallaşdırıb. Rollarda Taleh Yüzbəyov, İranə Kərimova, Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə, Azər Aydəmir, Kamran Ağabalayev və Əlixan Rəcəbov çəkiliblər.
Qeyd edək ki, “Bəlkə də” filmi “ART Bakers” və “Yüz prodakşn”ın birgə istehsalıdır.