“HOZU XAN”: MƏŞHUR PERSONAJ YENİDƏN EKRANA GƏLİR

“3I Cinema prodakşn"ın istehsalı olan “Hozu xan” filminin çəkilişləri davam edir. Prodüserlər İslam Ağa və Məcid Hüsyenovun bildirdiklərinə görə, 250 min manatdan artıq büdcəsi olan "Hozu xan" filminin rejissoru İlham Yaşaroğlu, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, operatoru Orxan Məmmədovdur. Filmin bədii tərtibatı Atəş Əzizova, qrimi İradə Rzayevaya, geyim işləri Pərvanə Məmmədovaya məxsusdur.
Süjetə görə, hadisələr “Dərəbəylər dövləti”ndə cərəyan edir. Dövlətin başçısı Ədalət xanın Hozu və Qarabuğday adında əkiz oğulları olur. Ata Hozunu daha çox sevir, çünki o, daha güclüdür. Qardaşı Qarabuğday bu münasibəti qısqanır və atasını qətlə yetirib cinayəti Hozunun boynuna atır. Hozu zindana salınır, lakin sonradan həqiqəti sübut edir, qardaşını ifşa edir və xanlığa yüksəlir.
Filmdə Məcid Hüseynov, Aqil M. Quliyev, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Kənan MM, Ələkbər Əliyev, Xuraman Əlizadə, rəqqasə Renka, Nadir Məmmədov, Ruslan Ahiskalı və digər aktyorlar çəkilirlər.
Məcid Hüseynov bildirib ki, bu, “Hozu” obrazına həsr olunmuş altıncı filmdir və sonuncu deyil.
90 dəqiqəlik film komediya janrındadır. Yaş həddi 6+ olan filmin "Park Cinema" və Cinemastercard" şəbəkələrində yayımlanması planlaşdırılır.