“FOTOKOMPOZİSİYA” KİTABI TƏKRAR NƏŞR OLUNUB

Foto sənəti və bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edən, eyni zamanda, kino sənəti, operator sənəti, rəssamlıq, kinooperatorun və rəssamın birgə işi, işıq effektləri barədə məlumatla zəngin olan “Fotokompozisiya” kitabı Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə təkrar nəşr olunub.
Əməkdar incəsənət xadimi, kinooperator Rafael Qəmbərov və Əməkdar incəsənət xadimi, kinooperator Amin Novruzovun birgə araşdırması olan “Fotokompozisiya” kitabı doqquz fəsildən ibarətdir. Kitabın elmi redaktoru və ön sözünün müəllifi yazıçı, akademik Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini Rafael Hüseynovdur.
Kino mütəxəssisləri, müvafiq ixtisas təhsili verən müəssisələrin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın ilk nəşri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elmi Şurasının qərarı ilə Mədəniyyət Nazirliyi tərəfindən olub.
Təkrar nəşrə məsul Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, rejissor Əli İsa Cabbarov, naşir Ələddin Əsədzadədir.