Ziya Bünyadov

Məsləhətçi Yaradıcı heyətin üzvü

Doğum tarixi:

21 dekabr 1923

Vəfat tarixi:

21 fevral 1997


Ziya Musa oğlu Bünyadov Astarada anadan olub.

Orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə Bakıya gedib. S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsil alıb. 1941-ci ildə hərbi məktəbi leytenant rütbəsində bitirib, Bessarabiyaya göndərilib.

İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq döyüş yolu keçib. 1945-ci il 27 fevralda Sovet İttifaqı Qəhrəmanı adı verilib. Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləyib. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunub.

Ordudan tərxis olduqdan sonra Moskva Şərqşünaslıq İnstitutuna daxil olub (1946-1950), aspiranturada da təhsil alıb (1950-1954). 1954-cü ildə “İtaliya imperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib, Bakıya qayıdaraq Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində müəllim işləyib (1958-1959). 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsrlər tarixi" şöbəsinin rəhbəri olub. “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alıb (1964). Elmlər Akademiyasının həqiqi üzvü seçilib (1976). “Azərbaycan SSR EA-nın Xəbərləri. İctimai elmlər seriyası” jurnalının baş redaktoru vəzifəsinə təyin olunub (1970). “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” kitabı (1978) elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb (1980). Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olub (1981-1986, 1988-1990, 1992). Azərbaycan EA-nın vitse-prezidenti seçilib (1990). Professor Vasim Məmmədəliyevlə birlikdə Quranın azərbaycan dilinə tərcüməsini başa çatdırıb (1991). Yeni Azərbaycan Partiyası sədrinin müavini olub (1992). Milli Məclisin deputatı seçilib (1995).

Şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı (1945), Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi (1982) Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən qətlə yetirilib. Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra “İstiqlal” ordeninə layiq görülüb (1998).