Yusif Vəzir Çəmənzəminli

Əsərindən istifadə olunub

Doğum tarixi:

12 sentyabr 1887

Vəfat tarixi:

03 yanvar 1943


Yusif Vəzir Çəmənzəminli (Yusif Vəzirov Mirbaba oğlu) Şuşada anadan olub.

İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. 1904-cü ildə “Jaloba” adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb. Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olaraq Bakıya gedib.

Bakı realnı məktəbini bitirərək (1910) Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə uşaqlar üçün “Məlik Məmməd” nağılını qələmə alıb. Ukraynada kitabları işıq üzü görüb. Azərbaycanlı tələbələrlə birgə “Musavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Ukraynada diplomatik nümayəndə təyin edilib. Həmin dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını çap etdirib.

1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. İstanbulda kitabları nəşr olunub.

Azərbaycanın bolşevik işğalından sonra Parisdə təhsil alan kiçik qardaşı Mirabdullanın yanına gedib. Lakin çox keçmədən Mirabdulla vəfat etdiyi üçün Azərbaycana qayıtmağı qərara alıb.

1926-cı ildə sovet vətəndaşlığına qəbul olunub. Qayıdandan sonra “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib. Əsərlərini “Cəmənzəminli”, “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazıb. Azərbaycan tariхi-fəlsəfi rоmanının ilk nümunəsi оlan “Qızlar bulağı” əsərinin müəllifidir. “Qan içində” rоmanında Qarabağ хanlığını Azərbaycanın rəmzi kimi göstərib. Stalin repressiyaları illərində yaxınlaşmaqda olan təhlükəni hiss edərək əlyazmalarının böyük hissəsini yandırmağa məcbur olub. 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb.

1938-ci ildə Özbəkistanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və institut kitabxanasına müdir təyin olunub.

1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı ay sonra Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü ildə dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.