Seyid Əzim Şirvani
Doğum tarixi:
09 iyul 1835
Vəfat tarixi:
01 iyun 1888
Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani Şamaxıda anadan olub.
Kiçik yaşlarında ikən atası vəfat edib, Dağıstanda yaşayan ana babası molla Hüseynin himayəsində yaşayıb. Babasından ərəb və fars dillərini öyrənərək Şamaxıya qayıdıb, burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayıb. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşında ikən onu İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparıb. İraqda oxuyarkən dünyəvi elmlərə də maraq göstərib. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edib. Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə və başqa yazıçılar onun məktəbində oxuyublar. Zəngin ədəbi yaradıcılığa malikdir, bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir. Realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub.
Seyid Əzim Şirvani 1888-ci ildə Şamaxıda vəfat edib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.