Salam Qədirzadə

Əsərindən istifadə olunub

Doğum tarixi:

10 aprel 1923

Vəfat tarixi:

15 noyabr 1987


Salam Dadaş oğlu Qədirzadə Bakıda anadan olub.

Uşaq yaşlarından şeir və hekayələr yazıb, ədəbi dərnəklərdə iştirak edib.

Orta məktəbi bitirən kimi könüllü şəkildə cəbhəyə yola düşüb. Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın azad edilməsində sıravi döyüşçü kimi iştirak edib (1941-1945), medallarla təltif olunub.

1946-cı ildə tərxis olunduqdan sonra Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilib. 

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1949-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib (1949-1952).

Diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı kitab şəklində nəşr edib.

Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru (1948), “Azərbaycan” jurnalının məsul katibi, “Kirpi” satirik jurnalının məsul katibi (1960-1966), Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi (1975-1976), “Kirpi” satirik jurnalının baş redaktoru (1976-1980) vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinin üzvü olub.

35-dək kitabın müəllifidir. “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” romanları, “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” komediyaları çap olunub, pyesləri Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulub.

Salam Qədirzadə 1987-ci ildə vəfat edib.