Ramiz Mirişli
Doğum tarixi:
16 aprel 1934
Vəfat tarixi:
17 aprel 2015
Ramiz Aqil oğlu Mirişli Naxçıvanda anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbində (1952-1954), Azərbaycan Dövlət Konservatoriyasında Bəstəkarlıq ixtisası üzrə (1956–1962) təhsil alıb.
Əmək fəaliyyətinə 1954-cü ildən Azərbaycan Radio-İnformasiya İdarəsində musiqiçi kimi başlayıb. 1962-ci ilədək müxtəlif musiqi məktəblərində müəllim işləyib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor, baş redaktor (1962-2005), Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinin rəhbəri (1978-1998), Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və Rəqs Ansamblının bədii rəhbəri (1987-1995) olaraq çalışıb. 1972-ci ildən Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq pedaqoji fəaliyyət göstərib. Mahnı və romansların, kino və teatr musiqisi sahəsində əsərlərin müəllifidir. 4 musiqili komediya, kamera orkestri üçün simfoniya, 3 simfonik poema, 4 simfonik süita, 3 kantata, səs və orkestr üçün 2 vokal məcmuə, fortepiano üçün 12 süita və miniatürlər, 40-dan artıq teatr tamaşalarına və kinofilmlərə musiqi, yüzlərlə mahnılar, Nizami Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün “Peyğəmbərin tərifi” vokal Poeması (1997), mahnı və romanslar yazıb.
Naxçıvanın Əməkdar incəsənət xadimi (1974), Əməkdar incəsənət xadimi (1982), Xalq artisti (1990), Professor (1993), “Şöhrət” (2004) və “Şərəf” (2014) ordenləri laureatı Ramiz Mirişli 2015-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Bəstəkar Ramiz Mirişli bəstəkar Nazim Mirişlinin atasıdır.