Püstə Əzizbəyova

Məsləhətçi Ssenari müəllifi

Doğum tarixi:

29 dekabr 1928

Vəfat tarixi:

08 yanvar 1998


Püstə Əzizağa qızı Əzizbəyova (Püstəxanım Əzizbəyova) Bakıda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb (1951).

Tələbə ikən Mərkəzi Lenin Muzeyində ekskursiyaçı işləməyə başlayıb (1948), sonra isə onun filialının direktoru və bölmə müdiri olub. Məşədi Əzizbəyovun ev muzeyinin direktoru, Azərbaycan Tarixi Muzeyinin Sovet tarixi şöbəsinin müdiri (1955-1961), muzeyin direktoru (1961-1998) kimi fəaliyyət göstərib. Azərbaycanda sosialist quruculuğu problemlərini araşdırıb. İlk azərbaycanlı qadın tarix elmləri doktoru olub (1961). Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1972), həqiqi üzvü (1980) seçilib. Müsəlman Şərqinin ilk akademik qadınlarından biri olub. Pedaqoji fəaliyyətlə də məşğul olub, Bakının müxtəlif ali məktəblərində dərs deyib, dosent (1955), Professor (1962) olub. Bir çox monoqrafiya və müxtəlif həcmli nəşrlərin, o cümlədən 300-ə yaxın məqalənin müəllifidir. Uzun müddət Ümumittifaq “Bilik” Cəmiyyətinin Bakı bölməsinə başçılıq edib.

Tarix elmləri doktoru (1961), Professor (1962), Akademik, Əməkdar elm xadimi (1982) Püstə Əzizbəyova 1998-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.