Oqtay Zülfüqarov
Doğum tarixi:
31 may 1929
Vəfat tarixi:
31 avqust 2016
Oqtay Qədir oğlu Zülfüqarov Bakıda anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbində (1947–1951), Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində (1951–1952), bəstəkarlıq ixtisasında (1952–1958) təhsil alıb.
Əmək fəaliyyətinə tələbə ikən 1949-cu ildə 1 saylı musiqi məktəbində violonçel müəllimi kimi başlayıb. Eyni zamanda müxtəlif mədəniyyət evlərində xormeyster, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru, səs rejissoru (1958–1962), Respublika Xalq Yaradıcılıq Evində metodist (1965–1967), Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi, redaktor, şöbə müdiri (1968–1991) vəzifələrində işləyib. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və bədii rəhbəri olub (1991–2012). İlk əsərləri tələbəlik illərində işıq üzü görüb. Əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar var. Bəstələdiyi uşaq mahnıları ona xüsusi şöhrət qazandırıb.
“Şöhrət” ordeni laureatı (2009), Əməkdar incəsənət xadimi (1972), Xalq artisti (2000) Oqtay Zülfüqarov 2016-cı ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Bəstəkar Oqtay Zülfüqarov bəstəkar Cahangir Zülfüqarovun atasıdır.