Oqtay Rəcəbov

Bəstəkar Bəstəsindən istifadə olunub Musiqi tərtibatçısı Dirijor Musiqi redaktoru Aktyor

Doğum tarixi:

05 aprel 1941

Vəfat tarixi:

15 dekabr 2022


Oqtay Məmmədağa oğlu Rəcəbov Bakıda anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika və istehsalatın əsasları fakültəsində (1958-1963), Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasında, Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində (1964-1971, Cövdət Hacıyevin sinfi) təhsil alıb.

Azərbaycan ETPEİ-də kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisi kafedrasının professoru olub. 1977-ci ildən etibarən “Məktəblilərin musiqi klubu” adlı silsilə televiziya verilişlərinin aparıcısı, Azərbaycan Bəstəkarlar İttifaqının Uşaq musiqisi bölməsinin rəhbəri olub. 2009-cu ildə Rusiya Federasiyası Pedaqoji və Sosioloji Elmlər Akademiyasının həqiqi üzvü seçilib. “Musiqi və mənəvi tərbiyə”, “Uşaqlar və mahnılar” adlı monoqrafiyaların, ümumtəhsil məktəblərinin I-VIII sinifləri üçün musiqi dərslik, proqram və metodiki tövsiyələrin müəllifi, “Azərbaycan bəstəkarlarının uşaq mahnıları antologiyası”nın tərtibçisidir.

Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir. İncəsənət Gimnaziyasında işlədiyi dövrdə (1992-2001) ölkədə ilk dəfə uşaqlar üçün opera studiyası və kinostudiya yaradılıb. 400-dən çox mahnısı müğənnilər və uşaq xor kollektivləri tərəfindən ifa olunur. Beş simfoniya, üç opera, iki operetta, kantata, instrumental konsertlər, digər janrda əsərlər yazıb. Əsərləri arasında “Xeyir və Şər” uşaq operası (1994), 4 saylı Simfoniya (1997), Simli orkestr üçün 5 saylı Simfoniya (1998), “Əlin cibində olsun” Musiqili komediyası (2001) var.

İran istehsalı olan “Vüsal günləri” (1998) serialına musiqi bəstələyib.

“Tərəqqi” medalı ilə təltif olunub (2006). Pedaqoji elmlər namizədi (1985), Əməkdar müəllim (1987), pedaqoji elmlər doktoru (1992), Professor (1995), Əməkdar incəsənət xadimi (2019) Oqtay Rəcəbov 2022-ci ildə vəfat edib.

 


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu