Nəcəf bəy Vəzirov
Doğum tarixi:
17 fevral 1854
Vəfat tarixi:
09 iyul 1926
Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov Şuşada anadan olub.
Şuşada dini məktəbdə, mülkiyyə məktəbində, Bakıda real gimnaziyada, Moskvada Petrivski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsində (1878) təhsil alıb.
1878--ci ildə təyinatla Qafqaza göndərilib. Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunub. 1880–ci ilə qədər burada çalışıb. Sonra ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunub. 1887-ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişib. Daha sonra İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyib. 1895–ci ildə Bakıya köçüb. İmtahan verib vəkillik vəsiqəsi alıb və məhkəmələrdə çalışıb. 1903–cü ildə Bakı dumasına katib seçilib. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilib və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə xalqın maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edib.
Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. Bakıda çıxan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" qəzetlərində "Dərviş" imzası ilə felyetonlar yazıb, dram dərnəklərinə rəhbərlik edib. Azərbaycanda Aprel istilasından sonra Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləyib.
1926–cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və orada ürək çatışmazlığından vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.