Muxtar Dadaşov
Doğum tarixi:
11 sentyabr 1913
Vəfat tarixi:
07 may 1998
Muxtar Baba oğlu Dadaşov Bakıda anadan olub.
1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxıb, dörd il sonra “Sevil” (Cəfər Cabbarlı) pyesinin ilk tamaşasında Gündüzü oynayıb. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayıb, eyni zamanda tamaşalarda kiçik rollar oynayıb. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə təyin olunub. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedib, orada da filmlərin çəkilişində iştirak edib. İkinci Dünya Müharibəsi illərində operator kimi cəbhədə olub. “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb (1977-1983).
“Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq Festivalda qızıl medala, “Nəriman Nərimanov” filmi isə Tiflisdə xüsusi mükafata layiq görülüb. Kann Beynəlxalq Kino Festivalında mükafat qazanan ilk Azərbaycan rejissorudur. “Sovet Azərbaycanı” filmi Kann Festivalında (1951) xüsusi mükafata layiq görülüb.
Tacikistan istehsalı olan “Canlı ilah” (1934, rejissorlar Dmitri Vasilyev, Mixail Verner) filmində Əbdürəhim rolunda çəkilib.
Dövlət mükafatı laureatı (1980), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Muxtar Dadaşov 1998-ci ildə vəfat edib.