Möhsün Sənani
Doğum tarixi:
19 iyun 1900
Vəfat tarixi:
11 fevral 1981
Möhsün Sadıq oğlu Sənani (Möhsün Cəfərov) Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Valideynlərini çox erkən itirib, nənəsinin, daha sonra xalası Zinyətin (aktyor Əli Qurbanovun anası) himayəsində böyüyüb.
1906-cı ildən mədrəsədə təhsil alıb.
1909-cu ildən Şeytanbazarda gündəlik çörəkpulu qazanmaq üçün ağır işlərin qulpundan yapışıb. 1911-ci ildə Məhərrəmlik ayında göstərilən şəbih tamaşalarında “Qasım otağı” epizodunda çıxış edib. “Hicaz” muğamı üstündə oxuduğu mərsiyə-qəsidənin xoş sədası məhəlləyə yayılıb. Tiflis şəhərində azərbaycanlıların həvəskar teatr truppasının aktyoru Mirzəxan Quliyev onu şagird və yeniyetmələrin dram dərnəyinə dəvət edib. Səhnə fəaliyyətinə 1915-ci ildə Tiflis Müsəlman Teatr truppasında başlayıb, Tiflisdə azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalarda iştirak edib (1915-1919). 1919-cu ildə Bakıya gəlib. Bir müddət həvəskar aktyor kimi çıxış edib. 1921-ci ildən Azərbaycan Milli Dram Teatrında işləməklə yanaşı, Bakı Türk İşçi Teatrında hazırlanan tamaşalarda da oynayıb (1927-1930). Qumuq teatrının yaranmasında xidmətləri olub.
Rusya istehsalı olan “Ulduz” filmində (1949, rejissor Aleksandr İvanov) polkovnik Əbiyev rolunda çəkilib.
Əməkdar artist (1943), Xalq artisti (1949) Möhsün Sənani 1981-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.