Mirzə İbrahimov

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

28 oktyabr 1911

Vəfat tarixi:

17 dekabr 1993


Mirzə Əjdər oğlu İbrahimov Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında Eyvaq kəndində anadan olub. 1918-ci ildə Bakıya köçüblər.

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqrad Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb (1937).

1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib. Naxçıvan MTS siyasi şöbəsində - “Sürət” qəzetinin redaktoru vəzifəsində işə başlayıb (1933). Azərbaycan Dövlət və Balet Teatrının direktoru, XKS İncəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışıb. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləyib.

1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edib.

Azərbaycan SSR Xalq Maarif komissarı vəzifəsində çalışıb (1942-1946). Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilib (1945). Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləyib, Azərbaycan KP MK Büro üzvü seçilib. SSRİ Ali Sovetinin deputatı seçilib. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin tədqiqini təşkil edib, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında əməyi olub (1948-1954). İnstitutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq edib (1960-1970), Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olub.

Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. “Qazılan buruq” adlı ilk şeiri “Aprel alovları” məcmuəsində dərc olunub (1930). “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə”, “Məhəbbət”, “Yaxşı adam”, “Fırtına quşu”, “Kəndçi qızı” və sair roman, pyes və povestlərin müəllifidir.

Xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Əməkdar incəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981) Mirzə İbrahimov 1993-cü ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.