Məmmədhüseyn Təhmasib

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

12 aprel 1907

Vəfat tarixi:

05 oktyabr 1982


Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib Naxçıvanda anadan olub.

Bakı Pedaqoji Texnikumunda (1923-1927), Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində (1930-1933) təhsil alıb.

Naxçıvan şəhər orta məktəbində müəllim (1927-1930), Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist (1933-1936), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində baş müəllim (1939-1951), dosent (1951-1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda Xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri (1944-cü ildən vəfatınadək) işləyib.

Ədəbi yaradıcılığa 1934-cü ildən başlayıb. “Qaçaq Nəbi” adlı ssenarini 1938-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirib. “Bahar” (1938), “Aslan yatağı” (1941), “Çiçəklənən arzular” (1951), “Hind nağılı” (1956), “Rübailər aləmində” (1968) və başqa pyes-nağılları tamaşaya qoyulub. “Azərbaycan xalq dastanları (orta əsrlər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1965). 1946-1977-ci illərdə “Koroğlu”, “Molla Nəsrəddinin lətifələri”, “Aşıq Ələsgər”, “Kitabi-Dədə Qorqud”, “Azərbaycan dastanları” və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışıb. “Azərbaycan folkloru kursu” (1940), “Azərbaycan xalqının qəhrəmanlıq eposu” (parçalar) (1941), “Azərbaycan xalqının qəhrəman oğulları” (1942), “Çiçəkli dağ” (nağıl-pyes) (1965), “Azərbaycan xalqının dastanları” (1972) kitablarının müəllifidir.

Filologiya elmləri doktoru (1965), professor (1970) Məmmədhüseyn Təhmasib 1982-ci ildə vəfat edib.

Ədəbiyyatşünas, folklorşünas, yazıçı, dramaturq, tərcüməçi Məmmədhüseyn Təhmasib rejissor, aktyor Rza Təhmasibin qardaşıdır.