Məmməd Araz

Ssenari müəllifi Əsərindən istifadə olunub Mahnı mətni müəllifi

Doğum tarixi:

14 oktyabr 1933

Vəfat tarixi:

01 dekabr 2004


Məmməd Araz (Məmməd İbrahimov İnfil oğlu) Şahbuzun Nurs kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində (1950-1954), Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarında (1959-1961) təhsil alıb. Yazıçı İsmayıl Şıxlının təşkil etdiyi ədəbi dərnəyin məşğələlərində iştirak edib (1951).

Əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb (1955-1956). Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil (1957), “Maarif” nəşriyyatında redaktor (1961), Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1963), “Ulduz” jurnalının məsul katibi (1967), “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktorun müavini (1970), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini (1973) olub. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib (1971-1981).

Ədəbi yaradıcılığa “İnqilab və mədəniyyət” jurnalında çap olunan “Yanın, işıqlarım” adlı şeirlə başlayıb (1952). Yaradıcılığı vətən sevgisi, yurd yanğısı ilə yoğrulub. “Sevgi nəğməsi, “Üç oğul atası”, “Araz axır”, “Ömür karvanı”, “Dünya sənin, dünya mənim”, “Qayalara yazılan səs” kimi kitabların müəllifidir.

“İstiqlal” ordeni ilə təltif olunub (1995).

Adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən). 

Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Dövlət mükafatı laureatı (1988), Xalq şairi (1991) Məmməd Araz 2004-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.