Məsud Pənahi
Doğum tarixi:
10 yanvar 1943
Məsud Abbas oğlu Pənahi İranın Zəncan şəhərində anadan olub. 1946-cı ildə ailəsi Bakıya köçüb.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1966), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) Rəssamlıq fakültəsində (1972), ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarında təhsil alıb.
Bir müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb (1973-1979). Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edərək onlarla animasiya mütəxəssisi yetişdirib. 1979-cu ildən Almaniyada yaşayır.
Almaniyada 60-dan çox animasiya filminin çəkilişində iştirak edib: “Ev” (1980, rejissor, rəssam, animator), “Mətbəx əşyalarının bəhsi” (1981–1982, 6 seriyanın rejissoru, animatoru), “Ayaqqabı oğrusu” (1982, rejissor, rəssam, animator), “Zooparkda heyvanların mübahisəsi” (1982–1983, 7 seriyanın rejissoru, animatoru), “Maks və Moris” (1983, 7 seriyanın rejissoru, rəssamı, animatoru), “Xoruz döyüşü” (1984, rejissor, rəssam, animator), “Buludlu, mavi” (1984, rejissor, rəssam, animator), “Şərq nağılları” (1985, 3 seriyanın rejissoru, rəssamı), “Görünməz papaq” (1987–1989, 26 seriyanın rejissoru, rəssamı), “Sonuncu alma” (1989, rejissor, rəssam), “Şaxta babanın nəvəsi” (1989, rejissor, rəssam), “Donky” (1993, 1 seriyanın rejissoru, rəssamı, animatoru), “Üç muşketyor” (1994, rejissor), “Tobias and His Lion” (1999, tammetrajlı animasiya filmi, animator), “The Little Polar Bear” (2001, tammetrajlı animasiya filmi, animator), “The Little Polar Bear: Lars and the Little Tiger” (2002, tammetrajlı animasiya filmi, animator, vizual effektlər), “The Little Polar Bear: The Dream of Flying” (2003, tammetrajlı animasiya filmi, animator, vizual effektlər), “The Little Polar Bear: Nanouk’s Rescue” (2003, tammetrajlı animasiya filmi, animator, vizual effektlər), “The Little Polar Bear: A Visitor from the South Pole” (2004, tammetrajlı animasiya filmi, animator, vizual effektlər), “Laura’s Star” (2005, tammetrajlı animasiya filmi, animator, fon üzrə rəssam), “Pozulmuş sülh” (2012, rejissor, rəssam).
VII Ümumittifaq kino festivalında “Bulud niyə ağlayır” animasiya filminə görə 1-ci mükafata layiq görülüb (1974, Bakı). I Animafilm Beynəlxalq Animasiya Festivalında Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıl qayıq” mükafatı ilə təltif olunub (2018).
Almaniyada “Rezin xoruz” (2020) adlı avtobioqrafik kitabı nəşr olunub.