Həmid Araslı

Məsləhətçi

Doğum tarixi:

23 fevral 1909

Vəfat tarixi:

20 noyabr 1983


Həmid Məmmədtağı oğlu Araslı Gəncədə anadan olub.

Gəncə mədrəsəsində, Gəncə Darülmüəllimi Seminariyasında (1922-1926), Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində (1929-1931, vaxtından əvvəl bitirib) təhsil alıb.

Nəbiağalı kənd məktəbində müəllim, direktоr, Gəncə maarif şöbəsində müdir müavini vəzifəsində (1931-1932) işləyib. 1932-ci ildə Bakıya gələrək aspiranturada təhsil almaqla yanaşı, SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyib. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmağa başlayıb və yaratdığı fondun direktoru olub. 1935-ci ildən elmi yaradıcılığa başlayıb. 1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edərək onu işdən azad ediblər. “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində redaktor işləyib (1938-1939). 1938-ci ildən Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində “Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi”ndən dərs deməyə başlayıb. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda Orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə Mətnşünaslıq şöbələrinə rəhbərlik edib. 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alıb. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub. 1954-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Uzun illər elmi tədqiqatla məşğul оlub, ali məktəblərdə dərs deyib, оrta və ali məktəblər üçün dərsliklər hazırlayıb. “Kitabi Dədə Qоrqud”, “Kоrоğlu” dastanları, aşıq ədəbiyyatı, Хəqani, Nizami, Füzuli, Nəsimi, Saib Təbrizi haqqında kitablar nəşr etdirib.

Özbəkistan (1968) və Azərbaycan Əməkdar elm xadimi (1979), professor (1955), akademik Həmid Araslı 1983-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.