Elza İbrahimova
Doğum tarixi:
10 yanvar 1938
Vəfat tarixi:
11 fevral 2012
Elza İmaməddin qızı İbrahimova Hacıqabul rayonunda anadan olub.
Asəf Zeynallı adına Musiqi Kollecinin Bəstəkarlıq sinfində (1953–1957), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsində (1957–1964, Qara Qarayevin sinfi) təhsil alıb.
Əmək fəaliyyətinə 1957-ci ildən musiqi məktəbində konsertmeyster kimi başlayıb. Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor (1970–1972), Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1972–1983) və Asəf Zeynallı adına Musiqi Kollecində (1985–1993) pedaqoq kimi çalışıb. Bəstəkarlıq fəaliyyəti ilə hələ tələbəlik illərindən məşğul olub. 1969-cu ildə ilk mahnısını bəstələyib. “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olub. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biridir. “Qurban verərdim” əsəri “burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi” üçün bədii şura tərəfindən yaxşı qarşılanmayıb. Amma sonradan tanqo ritmində “Sən mənə lazımsan”, “Bağçadan keçmisən” kimi musiqilər də bəstələyib. Diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsertin, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin müəllifidir. Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri Azərbaycanı tərənnüm edən mahnılardan biri olub.
Əməkdar incəsənət xadimi (1992), Xalq artisti (2008), Dağıstan Respublikasının Xalq artisti Elza İbrahimova 2012-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.