Bülbül
Doğum tarixi:
22 iyun 1897
Vəfat tarixi:
26 sentyabr 1961
Bülbül (Murtuza Məmmədov Məşədi Rza oğlu) Şuşa yaxınlığındaki Xanbağı kəndində anadan olub.
Bakı Konservatoriyasında (1927), dövlət xətti ilə İtaliyanın Milan Konservatoriyasında (1931, Delliponti və R.Qraninin sinfi) təhsil alıb.
Kiçik yaşlarından məharətli zəngulələrinə görə ona “Bülbül” adı verilib.
Teatr səhnəsinə ilk çıxışı Gəncədə tamaşaya qoyulmuş “Seyfəlmülk” operası (Məşədi Cəmil Əmirov) ilə bağlıdır (1916). 1920-ci ildən Birləşmiş Dövlət Teatrı opera truppasının solisti olub (1924-cü ildən teatr Azərbaycan Opera və Balet Teatrı adlanıb).
Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. Azərbaycan milli vokal məktəbi ənənələrinin tədqiqi, rus və Avropa opera mədəniyyəti ilə bu ənənələrin sintezinə aid bir çox əsərin müəllifidir.
Azərbaycan professional vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı, professor (1940), SSRİ Xalq artisti (1938), SSRİ Dövlət mükafatı laureatı (1950), İtaliyanın Qaribaldi ordeni laureatı Bülbül 1961-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Müğənni Bülbül bəstəkar Polad Bülbüloğlunun atasıdır.