Bayram Bayramov

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

11 dekabr 1918

Vəfat tarixi:

09 noyabr 1994


Bayram Salman oğlu Bayramov Ağdamın Şıxavənd kəndində anadan olub.

Ağdam Pedoqoji Texnikumunda (1934-1938), Azərbaycan Dövlət Universitetinin Fılologiya fakültəsində təhsil alıb (1945-1950).

Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938-1940), Müsəlmanlar kəndi natamam orta məktəbin tədris hissə müdiri (1940-1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941-1942) işləyib. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə ağır yaralanıb (1942). Sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ildə yenidən müharibəyə qayıdıb. Tərxis olunub doğma kəndlərində yeddiillik məktəbdə müəllim olub (1944-1945). Ali təhsildən sonra N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda müəllim (1948-1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956-1958), “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi (1958-1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960-1963), “Dövlətnəşrkom”da sədr müavini (1966-1971), Qarabağa Xalq Yardımı Komitəsinin sədri (1989-cu ildən) vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyi Şurasının üzvü seçilib (1991).  Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub (1990).

Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı hekayə ilə başlayıb. “Sənsiz” (1957), “Mən ki, gözəl deyildim” (1959), “Sərinlik” (“Firəngiz”, 1962), “Sarı baba” (1974) və s. povestlərin, “Ayrılıq” (1956), “Yarpaqlar” (1958), “Xəzinə”, “Bəlalı sevgim” (1965), “Arakəsmələr” (1966-1971), “Fəhlə qardaş” (1973) və s. romanların müəllifidir.

Xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990) Bayram Bayramov 1994-cü ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.