Balaş Abbaszadə
Doğum tarixi:
20 aprel 1950
Vəfat tarixi:
07 may 2005
Balaş Əlizaman oğlu Abbaszadə Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb (1973-1978).
Xanlar (indiki Göygöl) rayon məktəblərarası tədris-istehsalat kombinatının direktor müavini (1978-1979), Qarabağlar kənd orta məktəbinin direktoru (1979-1982), Azərbaycan Respublikası Maarif Nazirliyində tərbiyə metodik kabinetin metodisti (1982-1983), əmək təlimi və peşəyönümü şöbəsinin inspektoru (1988-1989) vəzifələrində işləyib. Azərbaycan Respublikası Milli Məclisinin sədrinin köməkçisi vəzifəsində çalışıb (1989-1996). Bu dövrə Heydər Əliyevin köməkçisi vəzifəsi də daxildir. 1992-ci ildən Azərbaycan, türk, rus, fars, erməni dilində nəşr olunan ictimai siyasi və publisistik “Sirdaş” qəzetinin 2004-cü ildən yenidən nəşrinin təsisçisi və baş redaktoru olub.
1996-cı ildə qondarma ittihamla həbs olunub. Təyin olunmuş cəzanın bir hissəsini çəkdikdən sonra əfv fərmanı sayəsində 1999-cu ildə azadlığa buraxılıb. 27 kitabın, 4 monoqrafiyanın, 39 metodik vəsaitin müəllifidir. Ədəbi bədii yaradıcılıqla yanaşı didaktik əsərlərin müəllifi, tərtibçisi, redaktoru, çuvaş nağıl və əfsanələri toplusunun tərcüməçisi kimi fəaliyyət göstərib. Azərbaycanda Heydər Əliyev haqqında yazılmış ilk kitabın (“Günəş kimi parlaq”) müəllifidir.
Pedaqoji elmlər doktoru (1992), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvi (1993), “Qızıl qələm” mükafatı laureatı Balaş Abbaszadə 2005-ci ildə vəfat edib.