Əzizə Cəfərzadə
Doğum tarixi:
29 dekabr 1921
Vəfat tarixi:
04 sentyabr 2003
Əzizə Məmməd qızı Cəfərzadə Bakıda anadan olub.
Teatr texniki məktəbində, ikiillik Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (1946-1947) təhsil alıb.
Ağsu rayonundakı Çaparlı kəndində müəllim (1942-1944), “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1944-1946), Teatr Texniki Məktəbinin müdiri (1947-1949), Pedaqoji İnstitutunda dosent, kafedra müdiri (1950-1955), Kamçatka Pedaqoji İnstitutunda dosent (1956), Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri (1957-1974), Bakı Dövlət Universitetinin professoru (1974-cü ildən) vəzifələrində çalışıb.
XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik (1950), “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq (1970) dissertasiyaları mudafiə edib. Ədəbi fəaliyyətə 16 yaşında başlayıb və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilib, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub, yandırılıb. Nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb.
Filologiya elmləri doktoru, professor, Xalq yazıçısı (2001) Əzizə Cəfərzadə 2003-cü ildə vəfat edib, Hacıqabul rayonunun Tağılı kəndində dəfn olunub.