Əjdər Ol
Doğum tarixi:
17 avqust 1958
Əjdər Ol (Əjdər Cəbiyev Feyzulla oğlu) Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olub.
Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində (1975-1979), Moskva Dövlət Sosial Universitetinin Hüquqşünaslıq ixtisasında (1994-1999) təhsil alıb.
Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Lerik rayonunun Acıqışlaq kənd səkkizillik məktəbində müəllim (1979-1985), “İşıq” nəşriyyatında korrektor, kiçik redaktor (1986-1988), Yazıçıların Yaradıcılıq Evində direktor müavini (1988-1990), Bədii Ədəbiyyatın Təbliği Bürosunda direktor müavini (1990-1992), Azərbaycan Respublikası Prezidenti Aparatının Milli siyasət şöbəsində məsləhətçi (1992-1994), “Şur” nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Mətbuat xidməti və protokol bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və hüquq departamentinin direktoru (2002-2004), Aparat rəhbəri (2004-2013), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri (2013-2018) vəzifələrində çalışıb.
Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb. İlk şeirləri “Azərbaycan” jurnalında (1981) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə poetik və publisistik əsərləri ilə müntəzəm çıxış edir. Kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir. Pyesləri tamaşaya qoyulub. Azərbaycan televiziyasında “Gülüstan” ədəbi verilişinin müəllifi və aparıcısı olub (2000-2008). Xaricdə kitabları nəşr edilib.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalına (2007), ədəbiyyat sahəsində “Əli və Nino” Kitab Nəşrləri Evinin Beynəlxalq kitab (2010), “Qızıl Kəlmə” (2011), Mahmud Kaşqari adına beynəlxalq (2012) mükafatlarına layiq görülüb.