Azər Rzayev
Doğum tarixi:
15 iyul 1930
Vəfat tarixi:
14 dekabr 2015
Azər Hüseyn oğlu Rzayev Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında 2 ixtisas üzrə (1948-1953, skripka, bəstəkarlıq sinfi, Boris Zeydman və A.Amitovun sinfi) təhsil alıb.
Əmək fəaliyyətinə 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində skripka ixtisası üzrə müəllim kimi başlayıb. 1956-cı ilədək konsertmeyster-müşayiətçi olaraq çalışıb, 1957-ci ildən isə taleyini indiki Bakı Musiqi Akademiyası ilə bağlayaraq burada ömrünün sonunadək müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri işləyib. Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim olub (1960–1970). Azərbaycan Nazirlər Soveti yanında radio və televiziya komitəsində səs rejissoru (1958-1960), Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972-1987) olub. 1995-ci ildən etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi nəzdində yaratdığı uşaq simfonik orkestrinə rəhbərlik edib. Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb. Əsərləri arasında “Bakı-90” simfoniyası (1990), skripka, viola və simfonik orkestr üçün ikili konsert (1990), skripka və piano üçün sonatina (1990), piano, skripka və violonçel triosu üçün sonata (1991), kamera orkestri üçün “Noktürn” (1993), violonçel və orkestr üçün “Kantilena” (1994), tar və kamera orkestri üçün “Düşüncə” və “Qaytağı” (1995), simfonik orkestr üçün “Gənc ifaçılar marşı” (1997), piano üçün 6 prelüd (2000), 3 skripka və simfonik orkestr üçün konsert (2000) var.
“Musiqi aləmində” silsilə televiziya və “Opera səhnəmizin ustaları” silsilə radio verilişlərin müəllifi və aparıcısı (1990-1993), dövri mətbuatda məqalələr müəllifidir (1990-2001).
Əməkdar incəsənət xadimi (1972), Xalq artisti (1990), “Şöhrət” ordeni laureatı (2000), “Humay” mükafatçısı (2002), professor (1977) Azər Rzayev 2015-ci ildə vəfat etib, II Fəxri Xiyabanda dəfn olunub.