Azər Hacıəsgərli

Bəstəkar Səs rejissoru Səs operatoru Musiqi ifaçısı Filmi səsləndirən Bəstəsindən istifadə olunub Musiqi tərtibatçısı Səs texniki

Doğum tarixi:

29 fevral 1984


Azər Əhməd oğlu Hacıəsgərli (Azər Əsgərov) Bakıda anadan olub. 21 saylı Rastropoviçlər adına musiqi məktəbinin skripka sinfində (1996-2005), Bakı Mühəndislik Universitetinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakültəsində (2000–2004), Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsində (2005-2009, Xəyyam Mirzəzadə, Ceyhun Allahverdiyevin sinfi), bəstəkarlıq fakültəsinin magistr pilləsində (2009-2012, Aydın Əzimovun sinfi), Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasının İxtisasartırma İnstitutunun Səs rejissorluğu fakültəsində (2010-2011, ГуКиТ.С.П) təhsil alıb.

Space radiosunda musiqi redaktoru (2002-2005), Bakı Slavyan Universitetinin radiosunda musiqi redaktoru (2008), Azərbaycan televiziyasının səsyazma studiyasında səs rejissoru (2016-2019) kimi çalışıb. “Audiokitab” layihəsinin səs mütəxəssisi olub. 2018-ci ildən Bakı Musiqi Akademiyasında səs mütəxəssisi olaraq işləyib.

Kino bəstəkarları Eduard Artemyev, Michael Price və Alla Zaqaykeviçin kurslarında iştirak edib. Kiyev Dovjenko mərkəzinin və “British Council”ın təşkil etdiyi “Envision Sounds” proqramının iştirakçısı olub (2017), proqramın finalçısı olaraq “Mute Nights” bəstəkar və musiqiçilər üçün nəzərdə tutulmuş beynəlxalq kinofestivala dəvət alıb (2018). Finalda Britaniya rejissoru Antony Asquithin 1928-ci ildə çəkilən “Underground” filminə musiqi yazıb, film canlı alətlərin müşayiəti ilə Dovjenko mərkəzinin kinozalında nümayiş olunub. Həmçinin “British Council Azərbaycan”ın təşkilatçılığı ilə Bakıda “Flame towers”da canlı alətlərlə təkrar nümayişi baş tutub. LOLA texnologiyaları üzrə Tallin Teatr və Musiqi Akademiyasında və Praqa Musiqi Akademiyasında master-klasslarda iştirak edib (2018–2019). Praqada keçirilən Elements FMT festivalda əsəri ifa olunub (2022). Estoniyada keçirilən “Commute” audiovizual və elektron musiqi festivalının iştirakçısı olub (2023).

50-ə yaxın filmin səs və musiqi tərtibatını həyata keçirib. Əsərləri arasında violin, cello və fortepiano üçün pyeslər; violin və fortepiano üçün sonata; vokal və arfa üçün “Dua”; nəfəsli kvintet və vibrofone üçün sonata; trio (violin, clarinet, tamburino) üçün sonata; simfonik poema; skripka və orkestr üçün konsert; “Qara violonçel” (solo cello); “Şərəfli ömür”; “Untitled” solo cello; fortepiano üçün 2 pyes (“Qaraçı”, “İncə gülüm”); violin və elektron səs üçün “Elektroman-Süleymani” və s. bəstələri var. “Maraqlı fiqur və ya siçan qadın” (2016, rejissor Vidadi Həsənov) tamaşasına musiqi bəstələyib.

Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.

Əsasən kino və teatr musiqisi üzərində çalışır. 

2023-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqi hissə müdiridir. 

Həmçinin Azərbaycan radiosunda musiqi redaktoru olaraq çalışır.