Azad Şərifov
Doğum tarixi:
07 aprel 1930
Vəfat tarixi:
24 dekabr 2009
Azad Ağakərim oğlu Şərifov (Azad Şərif) Bakıda anadan olub.
1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, lakin təhsilini Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində tamamlayıb.
Tələbəlik dövründə “Azərbaycan bədən tərbiyəçisi” (“Fizkulturnik Azerbaydjana”) qəzeti ilə əməkdaşlıq etməyə başlayıb, 1951-ci ildə bu qəzetin ədəbi işçisi vəzifəsinə qəbul edilib. “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri (1954), “Molodyoj Azerbaydjana” qəzetində redaktor müavini, redaktor (1958-1962), “Vokruq sveta” jurnalının baş redaktor müavini (1965), “İzvestiya” qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbiri (1966-1969) vəzifələrində çalışıb. Uzun illər komsomol, partiya və dövlət orqanlarında işləyib. Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdiri, Dövlət Kinematoqrafiya Komitəsinin sədri (1979-1988), Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc (o vaxtkı Azərinform) sədri (1988-1992) olub. Həmin illərdə hazırlayıb çap etdirdiyi kitabların adları çox şeydən xəbər verir: “Elan edilməmiş müharibə”, “İki il davam etmiş faciə”, “İnformasiya blokadasının yarılması”. Azərbaycanın o vaxtkı baş prokuroru İsmət Qayıbovla birlikdə “Erməni terrorizmi” adlı albom hazırlayıb çap etdirib, buna görə ASALA terror təşkilatı onun barəsində ölüm hökmü çıxarmışdı. Ömrünün sonuna qədər fəal jurnalist kimi qalıb. “İllər ötüb keçir – onları geri qaytarmaq mümkün deyil” adlı kitabı yaradıcılıq həyatının bir növ yekunu olub.
Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub.
Azad Şərifov 2009-cu ildə vəfat edib, Bülbülə qəsəbə qəbiristanlığında dəfn olunub.