Asif Rüstəmli

Ssenari müəllifi Məsləhətçi

Doğum tarixi:

16 fevral 1954


Asif Heydər oğlu Rüstəmli Ağcabədinin Qiyaməddinli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetində təhsil alıb (1982).

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş laborantlıqdan (1988) baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlib. “Folklor Sarayı” elmi-mədəni mərkəzinin direktoru (1991-1995, indiki AMEA-nın Folklor İnstitutu), Elmi nəşrlər bölməsinin (1995–1999) və Mətbuat tarixi və publisistika şöbəsinin (2014–2018) müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin (2018-2020) və Akkreditasiya şöbəsinin (2020-2022) müdiri vəzifələrində işləyib. 
Cabbarlışünas tədqiqatçı-alim kimi tanınır. Cəfər Cabbarlının kitablarına salınmamış 20 ç.v. həcmdə pyeslərini, hekayələrini, lirik və satirik şeirlərini, ədəbi-tənqidi məqalələrini ilk dəfə toplayıb, transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq “Ədirnə fəthi” adı ilə “Elm” nəşriyyatında çap etdirib (1996). 17 kitabın, 400-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 15 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olub. 4 kitabı İranda və Türkiyədə fars və türk dillərində nəşr edilib. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak və macar dillərində çap olunub. Azərbaycan televiziyasında “Yaddaş”, “Tarix bizə nə deyir” verilişlərinin ssenari müəllifi və aparıcısı olub (1992-1996). Pedaqoji fəaliyyətlə məşğul olur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərini tədris edib (1996–2019), ADMİU-nun professoru vəzifəsində çalışıb (2013–2018).

Rusiya kinematoqrafçılarının çəkdiyi “26 Bakı komissarı” (2008) sənədli filminin məsləhçisi olub.

Elmlər namizədi (1994), Dosent (2009), Filologiya elmləri doktoru (2012), Professor (2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013-2018), AMEA Nizami adına Ədəbiyyat İnstitunun Elmi Şurasının üzvü (2003-2018) olub. Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri dokroru, professordur. 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyi yanında Cəfər Cabbarlı komissiyasının sədridir.