Əşrəf Yusifzadə
Doğum tarixi:
05 dekabr 1906
Vəfat tarixi:
07 mart 1963
Əşrəf Əmrah oğlu Yusifzadə Şərurun Sərxanlı kəndində anadan olub.
Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub (1921-1925), məktəbdəki dram dərnəyinin fəallarından olub.
Beşillik təhsildən sonra İrəvana gedib, "Rabfak"a (fəhlə fakültəsi) daxil olub. Eyni zamanda İrəvanda Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. İrəvan Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb. Teatrın ilk tamaşasında - Jan Batist Molyerin "Zorən təbib" komediyasında nökər rolunu ifa edib. 1930-cu ildə Bakıya gələrək Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olub. 1932-ci ildə Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib.
Əməkdar artist (1943), Xalq artisti (1955) Əşrəf Yusifzadə 1963-cü ildə Gəncədə vəfat edib və Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.
Aktyor Əşrəf Yusifzadə aktrisa Rəmziyyə Veysəlovanın həyat yoldaşıdır.