Araz Dadaşzadə
Doğum tarixi:
30 yanvar 1936
Vəfat tarixi:
02 noyabr 1990
Araz Məmməd Arif oğlu Dadaşzadə Bakıda anadan olub.
1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Tarix fakültəsində davam etdirib (1953-1957).
Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləyib (1957-1960). EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub (1960-1963). Burada kiçik elmi işçi (1963-1966), Orta əsrlər şöbəsinin baş elmi işçisi (1968-1976) olub. Ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşri ilə bağlıdır. Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri (1966-1968), baş redaktorun birinci müavini (1976-1988), baş redaktoru (1988-1990) vəzifələrində çalışıb. Elmlər Akademiyası Terminоlоgiya Kоmitəsi Rəyasət heyətinin üzvü оlub. Azərbaycan televiziyasında “Azərbaycan ədəbiyyatı teleantologiyası”, “Sovet poeziyasının teleantologiyası” və digər verilişlərin aparıcısı olub.
Ədəbi fəaliyyətə 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” filminə yazdığı resenziya ilə başlayıb. Dövri və xüsusi nəşrlərdə onlarla tənqidi və elmi məqalələrini müntəzəm surətdə çap etdirib. Ədəbiyyat və kino ilə yanaşı, teatr, musiqi, təsviri sənət və digər sahələrlə əlaqədar məqalə və rəylərin müəllifidir. Gənclik illərində hekayələr yazıb. Onların bir qismi “Azərbaycan”, “Kirpi” və digər nəşrlərdə çap olunub. Tədqiqatları əsasən 17-18-ci əsr Azərbaycan ədəbiyyatına aiddir. Mоlla Pənah Vaqifin həyat və yaradıcılığının araşdırılmasında хidmətləri оlub.
Filоlоgiya elmləri dоktоru, Əməkdar elm хadimi (1989) Araz Dadaşzadə 1990-cı ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.