Əbdürrəhim bəy Haqverdiyev
Doğum tarixi:
17 may 1870
Vəfat tarixi:
11 dekabr 1933
Əbdürrəhim bəy Əsəd oğlu Haqverdiyev Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olub.
Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində (1880), Şuşa Realnı Məktəbində (1881-1890), Peterburqda Yol Mühəndisləri İnstitutunda (1891-1899) təhsil alıb. Eyni zamanda Peterburq Universitetinin Sərq fakültəsinin dinləyicisi olub, müsəlman tarixi və mədəniyyəti ilə maraqlanıb.
1899-cu ildə Azərbaycana qayıdıb. Bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda tamaşalara rejissorluq edib. Rəhbərliyi ilə Şərq konsertləri verilib (1902-1903). 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilib (Azərbaycanın birinci diplomatlarından hesab olunur). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edib. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu gəzib, müxtəlif imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirib. Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında çalışıb (1910). Sonra Ağdamda yaşayıb (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olub (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilib (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunub (1918). Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dövlət teatrlarına müfəttiş təyin olunub. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq edib. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub, elmi kadrların hazırlanmasında iştirak edib. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olub. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışıb (1924). Ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlayıb, bir çox əsərlərin müəllifidir. Xarici müəlliflərin əsərlərini azərbaycan dilinə tərcümə еdib. Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilib (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olub.
Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.