AZƏRBAYCANIN İLK QADIN GƏMİ KAPİTANINA HƏSR OLUNMUŞ “ŞÖVKƏT” FİLMİ TƏQDİM EDİLİB
AZCON Holding şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə çəkilmiş, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filminin təqdimat mərasimi baş tutub. Təqdimatda çıxış edən ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev bildirib ki, 167 illik tarixi olan gəmiçiliyin zəngin irsindən qaynaqlanmaqla çəkilmiş filmin 22 oktyabr tarixində təqdimatı xüsusi önəm daşıyır. Məhz 2013-cü ilin bu günündə Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən iki qədim və böyük donanmanın birləşdirilməsi yolu ilə hazırda ASCO brendi ilə fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb. Daha sonra bədii film nümayiş edilib. Təqdimatın ardınca filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar. Filmin ssenari müəllifləri “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmov, quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri isə Səbinə Həsənovadır.
Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və müxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrün ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.