AZƏRBAYCAN TARİXİNƏ HƏSR OLUNMUŞ YENİ FİLMİN ÇƏKİLİŞLƏRİNƏ BAŞLANILIB: “ATROPATENA”
“Caspian Media Group” tərəfindən istehsal edilən və Azərbaycan Respublikasının Kino Agentliyinin sifarişi ilə həyata keçirilən yeni filmin çəkilişlərinə başlanılıb: “Atropatena”.
Film həm sənədli faktların, həm də bədii təxəyyülün vəhdəti kimi qurulub və milli kimliyin formalaşmasında mühüm mərhələləri əhatə edəcək. Filmdə Rüstəm Cəbrayılov, Ümid Qədimli, Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Rumiyə Ağayeva, Corc Qafarov, Nigar Qədirli Vidadi Həsənov rol alırlar. Layihənin rejissoru Elmar Bayramov, ssenari müəllifi Nicat Dadaşov, operatoru Rauf Qurbanəliyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rahim, baş prodüseri Hüseyn Cavadzadə, icraçı prodüseri Azər Həsənov, döyüş xoreoqrafı Sain Fərhaddır.
Filmin hekayəsinə görə, Böyük İskəndərin Yaxın Şərqdə davam edən fəth yürüşləri zamanı Atropat ağılı, siyasi çevikliyi və döyüş cəsarəti ilə hökmdarın etimadını qazanır. Lakin onun əsas məqsədi yalnız İskəndərə xidmət etmək deyil, öz xalqını yadellilərin hökmündən qoruyaraq gələcək Atropatena dövlətinin təməlini qoymaqdır. İskəndərin saray intriqaları və qanlı savaşların fonunda Atropat öz müdrikliyi ilə həm tarixdə, həm də millət yaddaşında əbədi yer qazanır.
Hazırda çəkilişlər Azərbaycanın bir neçə bölgəsində – tarixi abidələri və təbiət mənzərələri ilə seçilən məkanlarda aparılır. Layihənin nümayəndələrinin sözlərinə görə, filmdə müasir texnoloji həllər və kino effektlərindən istifadə olunacaq.