Mirzə Ələkbər Sabir
Doğum tarixi:
30 may 1862
Vəfat tarixi:
12 iyul 1911
Mirzə Ələkbər Sabir (Ələkbər Tahirzadə Zeynalabdin oğlu) Şamaxıda anadan olub.
İlk təhsilini mollaxanada alsa da, sonradan Seyid Əzim Şirvaninin təsis etdiyi yeni üsullu məktəbdə oxuyub.
Lakin bir-iki il sonra atasının dükanında köməkçi işləyib. 1885-ci idə ziyarətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedib, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və Xorasan şəhərlərini gəzib. İlk səfərindən qayıdandan sonra 1887-ci ildə evlənib. Bir müddət sabun bişirib satıb. XX əsrin əvvəllərindən başlayaraq şeirləri mətbuat səhifələrində görünüb. 1903-cü ildə "Şərqi-Rus" qəzetində şeiri çap olunub. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri olub. Bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyib. 1908-ci ildə Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alıb. Bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyib. Həmin il çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olub. 1910-cu ildə Bakıya işləməyə gəlib. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışıb. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayıb. Müəllimliyi ilə bərabər, Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olub. "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyib. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. O, bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirib. Eyni zamanda "Molla Nəsrəddin"ə də yazmağa davam edib. 1910-cu ildə xəstəliyə tutulub, Şamaxıya qayıdıb. 1911-ci ildə müalicə üçün Tiflisə gedib, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edib.
Mirzə Ələkbər Sabir 1911-ci ildə vəfat edib, Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.