Cəmil Fərəcov

Rejissor Ssenari müəllifi Aktyor Prodüser

Doğum tarixi:

13 fevral 1946

Vəfat tarixi:

10 avqust 2023


Cəmil Əliqulu oğlu Fərəcov Bakıda anadan olub.

Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Televiziya rejissorluğu fakültəsində (1969-1974) təhsil alıb.

1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyətə başlayıb. Onlarla sənədli filmin, “Mozalan” satirik kino jurnalı üçün 30-dan çox bədii və sənədli süjetlərin, xronikal kino jurnallarının rejissoru olub. Bir müddət Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib (1990-1995). “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru (1997-2002), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri (2002-2006), Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri (2006-2012) vəzifələrində çalışıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

Əməkdar incəsənət xadimi (1989) Cəmil Fərəcov 2023-cü ildə vəfat edib, “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.