Cahangir Qəhrəmanov
Doğum tarixi:
10 fevral 1927
Vəfat tarixi:
26 iyun 1995
Cahangir Vahid oğlu Qəhrəmanov Qəbələdə anadan olub.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Fars dili və ədəbiyyatı ixtisasında (1945-1950), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında (1951-1955) təhsil alıb.
“Azərbaycan ədəbi dilində fəlsəfə terminləri” mövzusunda namizədlik dissertasiyası (1955), “İmadəddin Nəsimi əsərlərinin tənqidi mətni və leksikası” mövzusunda doktorluq dissertasiyası (1969) müdafiə edib. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, dosent (1955-1960) olaraq çalışıb. 1960-ci ildən etibarən fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda davam etdirib, baş elmi işçi (1960-1967), Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri (1967-1971), direktor müavini (1971-1972), direktor (1972-1995) olub. Bakıda müxtəlif ölkələrdə keçirilən konqres, müşavirə, konfranslarda məruzələrlə çıxış edib. İsveçdə Upsala Universitetində (1978), İtaliyada Vatikan Apostol Kitabxanasında elmi ezamiyyətdə olub. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq, Dilçilik, Ədəbiyyat institutlarında filologiya elmləri namizədi və doktoru alimlik dərəcələri verən ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü (1975-1995), Əlyazmalar İnstitutunda mətnşünaslıq ixtisası üzrə müdafiə şurasının sədri, ilahiyyat elmləri namizədi alimlık dərəcəsi verən müdafiə şurasının üzvü kimi fəaliyyət göstərib. SSRİ Elmlər Akademiyasının “Памятники письменности Востока” seriyasından nəşrlərinin, “Cоветская тюркология” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzeti və “Архивы Aзербайджана” jurnalı və Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi İnformasiya Mərkəzinin referativ xarici ədəbiyyat məcmuəsi filologiya və incəsənət seriyasının redaksiya heyətlərinin üzvü olub. Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutu kataloqlarının, “Əlyazmalar xəzinəsində” elmi əsərlər toplusunun və “Keçmişimizdən gələn səslər” bülleteninin baş redaktoru olaraq fəaliyyət göstərib.
ABŞ-nin Detroyt şəhərinin bələdiyyə idarəsinin Fəxri Fərmanı, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı ilə təltif olunub.
Elmlər doktoru (1969), Professor (1974), Əməkdar elm xadimi (1982) Cahangir Qəhrəmanov 1995-ci ildə vəfat edib.