İshaq İbrahimov

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

21 fevral 1921

Vəfat tarixi:

05 iyul 1987


İshaq İbrahim oğlu İbrahimov Bakıda anadan olub.

İkinci Dünya müharibəsinin başlanması təhsilini davam etdirməyə imkan verməyib. 1941-ci ilin sentyabrından ön cəbhəyə gedib, yaralanıb. Müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, qərargah rəisi kimi döyüşlərdə iştirak edib (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunub (1942-1944). Ordudan tərxis edildikdən sonra “Uşaqgəncnəşr”də tərcüməçi-redaktor işləyib (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsilini davam etdirib, eyni zamanda bədii tərcümə ilə məşğul olub (1945-1948). “İnqilab və mədəniyyət” jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib (1959-1962), “Azərbaycanfilm”də ssenari şöbəsinin müdiri, ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, “Ekran” Yaradıcılıq Birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışıb. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri olub. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib (1975-1984). SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Bakı şəhər Sovetinin deputatı seçilib.

Tərcüməçi, tənqidçi, ssenarist, Əməkdar incəsənət xadimi (1979) İshaq İbrahimov 1987-ci ildə vəfat edib.