Firəngiz Babayeva
Doğum tarixi:
15 aprel 1957
Firəngiz Manaxim qızı Babayeva Xudatda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1982-1986).
Təhsil aldığı illərdə Tədris Teatrının səhnəsində Polina (“Tribunal”, A.Makayonok), Elektra (“Elektra”, Sofokl), Krucinina (“Günahsız müqəssirlər”, A.Ostrovski), Knyaginiya (“İki qardaş”, M.Lermontov) kimi obrazlar yaradıb. Mingəçevir Dövlət Dram Teatrında (1986-1990), Sumqayıt Dövlət Musiqili Dram Teatrında (1990-1999) çalışıb. 1999-cu ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır.
Almaniya film istehsalçılarının “Absurdistan” (2008, rejissor Veit Helmer) filmində çobanın arvadı Lili rolunda çəkilib.
Teatr Xadimləri İttifaqının “Sənətkar” medalına layiq görülüb (2017).
Əməkdar artistdir (2002).
Aktrisa Firəngiz Babayeva aktrisa Vəfa Zülfüqarın anasıdır.