Əziz Mirəhmədov

Ssenari müəllifi

Doğum tarixi:

11 fevral 1920

Vəfat tarixi:

30 avqust 2002


Əziz Mirfeyzulla oğlu Mirəhmədov Bakıda anadan olub.

Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində,  Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1938-1941). Azərbaycan Dövlət Universitetinin aspirantı olub.

Əmək fəaliyyətinə AEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda başlayıb (1942), müxtəlif fasilələrlə burada elmi işçi (1945-1947), baş elmi işçi (1953-1958 / 1960-1963), şöbə müdiri (1964-1980), direktor müavini (1980-1981), direktor (1981-1985) vəzifələrində çalışıb. ADU-da baş müəllim (1943-1947), ADPİ-də baş müəllim (1949-1952), Azərbaycan KP MK-da şöbə müdirinin  müavini (1960-1963) olub. İlk məqaləsi hələ tələbə ikən “Müəllim qəzeti”ndə çap olunub (1938). Gənc ikən iki cildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1958-1960) əsas müəlliflərindən biri olmuşdu. “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri” mövzusunda dissertasiyasını müdafiə edərək elmlər doktoru adını alıb. 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir.

Filologiya elmləri doktoru (1976), Əməkdar elm xadimi (1982) Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1980) Əziz Mirəhmədоv 2002-ci ildə vəfat edib.